Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq”: tur-aksiya iştirakçıları Zaqataladan zəngin təəssüratlarla ayrılıblar

17 mart 2019 | 16:00

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan Gəncə şəhərinin, Gədəbəy, Göygöl, Samux, Şəmkir, Goranboy, Kəlbəcər, Xocalı və Tərtər rayonlarının məktəbliləri martın 16-da, günün ikinci yarısında Zaqatala rayonuna gəliblər.

Tur-aksiya iştirakçıları Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında rayonun rəhbər işçiləri tərəfindən qonaqpərvərliklə qarşılanıblar.

Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova məktəblilərə Zaqatalanın tarixi, mədəniyyəti, coğrafi mövqeyi, iqtisadiyyatı, turizm potensialı barədə məlumat verib. Bildirilib ki, Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında yerləşən, 129 min nəfərə yaxın əhalisi olan Zaqatala rayonunda 20-dən çox xalqın nümayəndəsi uzun illərdir dostluq və qardaşlıq şəraitində yaşayır.

Diqqətə çatdırılıb ki, Zaqatala rayonunun iqtisadiyyatında tütünçülük, meyvəçilik, o cümlədən fındıqçılıq, baramaçılıq, gülçülük mühüm yer tutur. Rayonda illik istehsal gücü 3500 ton olan tütün emalı zavodu, həmçinin tütün istehsalı və emalı məntəqəsi fəaliyyət göstərir. “AzRose” MMC-nin qızılgül yağı istehsalı müəssisəsində ötən ildən etibarən məhsul istehsalına başlanılıb.

Sonra məktəblilər Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Məlumat verilib ki, Mərkəzdə müxtəlif təyinatlı bölmələr fəaliyyət göstərir. Binanın birinci mərtəbəsindəki ekspozisiya zalında Ulu Öndərin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür. Binada, həmçinin akt və konfrans zalları, elektron kitabxana, kinozal, müxtəlif dərnək otaqları, fotostudiya və poliqrafiya emalatxanası yerləşir. Mərkəzdə fəaliyyət göstərən rəqs, rəsm, gitara, gənc fotoqraf, dekorativ tikmə, xalçaçılıq və toxuculuq dərnəklərində hər gün xeyli sayda yeniyetmə və gənc məşğul olur.

Zaqatala Tarix-Mədəniyyət Qoruğuna ekskursiya da maraqlı keçib. Ekskursiya zamanı məlumat verilib ki, qoruq 1804-1830-cu illərdə inşa edilən Zaqatala qalasında yerləşir. Çar hakimiyyəti tərəfindən Zaqatalaya sürgün edilmiş “Potyomkin” zirehli gəmisinin inqilabçı matrosları vaxtilə bu qalada məhbus kimi saxlanılıblar. Həmin matrosların inqilabi fəaliyyəti barədə yazıçı Qılman İlkin “Qalada üsyan” romanını yazıb və bu əsər əsasında “Yenilməz batalyon” bədii filmi çəkilib. Müstəqillik illərində ekranlaşdırılan “Cavad xan” filminin bəzi səhnələri də Zaqatala qalasında və onun ətrafında lentə alınıb.

Sonra məktəblilər ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkını ziyarət ediblər. Diqqətə çatdırılıb ki, 1947-ci ildə salınan parkın ərazisi 13 hektardır. Burada 27 növ ağac var.

Məktəblilər məşhur “Qaladüzü pilləkənləri”ndən düşərək Zaqatala şəhərinin tarixi hissəsinə - Dədə Qorqud meydanına gəliblər.

Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq zamanı bildirilib ki, 1967-ci ildə yaradılan muzeydə 16 minə yaxın eksponat nümayiş etdirilir.

Tur-aksiya iştirakçıları “Qızılgüllər diyarı” Zaqataladan zəngin təəssüratlarla ayrılıblar.

Keçidlər