Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada fındıq məhsullarının ixracından əldə olunan gəlir 38,4 faiz artıb

07 fevral 2018 | 16:00

2017-ci ildə Zaqatala rayonunda sənaye sahəsi üzrə məhsul buraxılışı əvvəlki illə müqayisədə 41 faiz artaraq 149 milyon 430 min manat olub. Sənayedə məhsul buraxılışının 83 faizini fındıq və fındıq məhsullarının satışından əldə olunan gəlirlər təşkil edib. Ötən il Zaqatala rayonundan xaricə fındıq və fındıq məhsullarının ixrac edilməsi nəticəsində Azərbaycana 73 milyon dollar və ya 124 milyon 401 min manat vəsait daxil olub. Fındıq ixracından əldə olunan gəlir əvvəlki illə müqayisədə 38,4 faiz artıb. 2017-ci ildə rayonun fındıq bağlarından 13 min 422 ton, yəni əvvəlki ildəkindən 4 min 512 ton çox məhsul tədarük olunub.

Bu barədə fevralın 7-də Zaqatalada 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında məlumat verilib.

Tədbir iştirakçıları əvvəlcə rayonda istehsal edilən məhsulların sərgisi ilə tanış olublar.

Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin hesabat məruzəsində bildirilib ki, 2017-ci il Zaqatala rayonu üçün Prezident İlham Əliyevin rayona növbəti səfəri ilə əlamətdar və yaddaqalan olub. Avqustun 3-də reallaşan səfər zamanı dövlətimizin başçısı tütün emalı zavodunun fəaliyyəti ilə tanış olub, tikintisi davam etdirilən qızılgül yağı istehsalı müəssisəsinə baş çəkib, “Bəhmətli” elektrik yarımstansiyasının açılışında iştirak edib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Diqqətə çatdırılıb ki, 2017-ci ildə rayonda 381,1 milyon manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Bu, əvvəlki illə müqayisədə 29,9 faiz çoxdur. Məhsul istehsalı sənayedə 40,5 faiz, kənd təsərrüfatında 12,9 faiz, ticarətdə 4,6 faiz, rabitədə 10 faiz artıb, pərakəndə əmtəə dövriyyəsi 14 faiz, pullu xidmətlərin həcmi isə 9,3 faiz çoxalıb. Ötən il əsas kapitala yönəldilən investisiyaların həcmi 4 dəfə artaraq 49,2 milyon manat, o cümlədən tikinti-quraşdırma işlərinin həcmi 3,3 dəfə artaraq 39,4 milyon manat olub. İl ərzində rayonda 2445-i daimi olmaqla, 2525 iş yeri açılıb.

Prezident İlham Əliyevin ixracyönümlü məhsulların istehsalının artırılması, kənd təsərrüfatının ənənəvi sahələrinin inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədi ilə 2017-ci ildə Zaqatala rayonunda da zəruri tədbirlər həyata keçirilib. Belə ki, ötən il 743 hektar sahədə tütün əkilib, 891 ton quru tütün istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 363 ton artıb. 2017-ci ildə Zaqatala rayonundan tütün ixrac edilməsi nəticəsində respublikaya 12 milyon dollar və ya 19 milyon 931 min manat vəsait daxil olub. Tütün ixracından əldə olunan gəlir əvvəlki illə müqayisədə 67,6 faiz artıb. Ötən il rayonda 21,4 ton, yəni əvvəlki ildəkindən 3,5 dəfə çox barama istehsal olunub. 2017-ci ilin yaz və payız mövsümlərində rayon ərazisində 1732 hektar sahədə yeni fındıq bağları salınmaqla, bağların ümumi sahəsi 18 min 151 hektara çatdırılıb.

Ənənəvi və ixrac potensialı yüksək sahələrdən biri olan gülçülüyün inkişaf etdirilməsi üçün “AzRose” MMC-nin sifarişi ilə ötən il rayonun Aşağı Tala kəndi ərazisində qızılgül yağı istehsalı müəssisəsinin tikintisi aparılıb. Müəssisə tərəfindən həmin ərazidə 192 hektar sahədə gül plantasiyası salınıb.

Məruzədə, həmçinin 2017-ci ildə rayonda aparılan təmir-tikinti işləri barədə məlumat verilib. Bildirilib ki, ötən il Zaqatala Beynəlxalq Hava Limanında aparılan əsaslı yenidənqurma işləri başa çatıb. Rayon Telekommunikasiya Qovşağının inzibati binası əsaslı təmir olunub. Qovşağın birinci mərtəbəsində “Şəbəkə” xidmət mərkəzi istifadəyə verilib. Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə rayonda 8 fərdi yaşayış evi tikilib. Üç kənddə modul tipli məktəb binaları quraşdırılıb, şəhər ərazisində yeraltı piyada keçidi inşa edilib, yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün rayon ərazisindən keçən magistral avtomobil yollarında əsaslı təmir işlərinə başlanılıb.

Yığıncaqda, həmçinin 2017-ci ildə əhalinin elektrik enerjisi, təbii qaz, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər də ətraflı təhlil olunub.

Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev, Milli Məclisin deputatı Kamilə Əliyeva çıxış edərək, 2017-ci ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb, rayonda görüləcək işlərlə bağlı tövsiyələrini bildiriblər.

Yığıncaqda bir qrup şəxs 2017-ci ildə səmərəli fəaliyyətinə görə rayon icra hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyələrlə mükafatlandırılıb, Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

Keçidlər