Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanın hazırkı rəhbərliyi müxtəlif təxribatçı addımlar atmaqla danışıqlar prosesini pozmağa çalışıb.

02 oktyabr 2020 | 16:00

Sentyabrın 27-də Ermənistanın başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın döyüş mövqeləri və yaşayış məntəqələri şiddətli artilleriya atəşinə məruz qalıb. Azərbaycan -Ermənistan təmas xəttində baş verən son hadisələrlə əlaqədar “Rossiya 1” kanalının “60 dəqiqə” proqramında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın müsahibəsi efirə gedib. Prezident İlham Əliyev rusiyalı jurnalistlərin suallarını ətraflı şəkildə, dəqiq detallara toxunmaqla cavablandırıb. Prezident bildirib ki, ermənilərin növbəti təxribatı nəticəsində Azərbaycanın hərbi qulluqçuları ilə yanaşı 11 dinc sakini, o cümlədən 2 uşaq da həlak olub. Azərbaycan ordusu fəal döyüş əməliyyatları apararaq bir sıra yaşayış məntəqələrini, o cümlədən müxtəlif istiqamətlərdə strateji yüksəklikləri işğaldan azad edib.
Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Siyasi müstəvidə bu iki ölkə arasında yüksək səviyyədə münasibətlər formalaşmışdır. Türkiyənin Qarabağ münaqişəsində iştirakı barədə jurnalistin sualını cavablandıran cənab Prezident Türkiyənin qardaş ölkə və müttəfiq olduğunu, onun münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı şayiələrin təxribat xarakteri daşıdığını və Azərbaycan ordusunun öz xalqının və ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlı olduğunu bildirib. Azərbaycan ilə həmrəy olduğuna, mənəvi dəstək göstərdiyinə görə Türkiyə rəhbərliyinə, Türkiyə prezidentinə və türk xalqına təşəkkürünü bildirib. Həmçinin Türkiyə hərbi hava qüvvələrinin F-16 təyyarələrinin döyüş əməliyyatında iştirakı ilə bağlı erməni tərəfinin iddialarını puça çıxaran Prezident xatırladıb ki, bugünkü müasir texnologiyalar dövründə bu cür faktları gizlətmək mümkün deyil və Türkiyənin hərbi əməliyyatlarda iştirakı üçün hər hansı zərurətin olmadığını qeyd edib.
İşğal etdiyi Azərbaycan torpaqlarını azad etmək haqqında BMT təhlükəsizlik Şurasının, müxtəlif beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə və çağırışlarına məhəl qoymayan Ermənistan  Cənubi Qafqazda sülhə və təhlükəsizliyə qarşı ən böyük təhlükəyə çevrilib. Öz müsahibəsində Azərbaycanın müzakirələrdə hər zaman konstruktivlik nümayiş etdirdiyini vurğulayan cənab Prezident Azərbaycanın son iki ildə dəfələrlə Minsk qrupunun və onun həmsədrlərinin danışıqlar prosesi üçün əsas hesab etdikləri nizamlama prinsiplərinə sadiq olduğunu bəyan etdiyini bildirib.
Prezident qeyd edib ki, Ermənistanın hazırkı rəhbərliyi müxtəlif təxribatçı addımlar atmaqla danışıqlar prosesini pozmağa çalışıb. İlham Əliyev bildirib ki, “Qarabağ Ermənistandır və nöqtə” deyən baş nazir Paşinyan faktiki olaraq sülh proseslərini baltalayıb. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin Azərbaycana verilməli olduğunu əks etdirən prinsiplərin ATƏT-in Minsk qrupu tərəfindən işlənib hazırlanmasına baxmayaraq Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür. ATƏT-in Minsk qrupu həmsədrləri Rusiya, Fransa və ABŞ-ın dövlət başçıları dəfələrlə status-kvonun qəbuledilməz olduğu barədə bəyanatlar versə də Ermənistan tamamilə bunun əksinə davranır.
Ermənistanın  hərəkətlərinin və bəyənatlarının xronologiyası aşkar göstərir ki, onlar uzun müddət idi ki, Azərbaycana qarşı yeni təxribatlara və müharibəyə hazırlaşırdı. Azərbaycan torpaqlarının 20 faizini 30 ilə yaxındır işğal altında saxlayan Ermənistanın son dövlət Azərbaycana qarşı təxribatları daha intensiv xarakter almışdı. Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “seçkilərin” keçirilməsi, işğal edilmiş ərazilərimizdə qanunsuz məskunlaşmanın aparılması, Suriya, İraq və Livandan terrorçuların işğal olunmuş ərazilərə yerləşdirilməsi, Paşinyanın Qarabağın Ermənistana məxsus olması ilə bağlı sərsəm bəyanatları, o cümlədən iyul ayında ermənilərin Tovuz istiqamətində təxribatları ölkəmizə qarşı yeni müharibənin hazırlanmasından xəbər verirdi. Cənab Prezident İlham Əliyev bu barədə BMT Baş Assamblyasının 75-ci iclasında Ermənistanın yeni təxribatlara və müharibəyə hazırlaşdığını dünya ictimaiyyətinin diqqətinə çatdırmış və Ermənistanın qarşısının alınması ilə bağlı tədbirlərin görülməsinin vacibliyini qeyd etmişdi.
Ermənistanın işğalçı rejimi tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə ayrı-ayrı ərəb dövlətlərindən, əsasən Livandan olan erməni qaçqınlarının məqsədli şəkildə yerləşdirilərək qeyri-qanuni məskunlaşma etmək və beynəlxalq miqrasiya qanunvericiliyinin tələblərini kobud şəkildə pozmaq Cənubi Qafqazda sülhün, əminamanlığın bərqərar olunmasını şübhə altına alır.Qanunsuz məskunlaşma qəbuledilməzdir. Cənab Prezident öz çıxışında bildirib ki,  Ermənistanın Cenevrə konvensiyasını pozaraq Azərbaycanın qədim mədəniyyət incisi olan Şuşada Livandan olan erməniləri məskunlaşdırması, cinayətkar Dağlıq Qarabağ rejiminin qondarma başçısının qondarma inaqurasiyasını keçirməsi şüurlu provokasiyadır, Azərbaycanı münaqişəyə cəlb etmək və cavab hərəkətlərinə təhrik etməkdir. Daha bir səbəb Ermənistanda olan daxili böhrandır. Ermənistanda Soros rejiminin mövcud olduğunu vurğulayan cənab Prezident daxili siyasi böhran içərisində olan ölkədə əhalinin diqqətini yayındıqmaq üçün növbəti dəfə hücuma əl atdığını və Paşinyanın öz ölkəsindəki bütün müxalifəti məhv edən diktator, despotik rejiminin indi Azərbaycan xalqına qarşı yenidən təcavüz nümayiş etdirdiyini bildirib.
Azərbaycan tərəfindən guya Yaxın Şərqdən gətirilmiş muzdlu döyüşçülərin vuruşması barədə saxta xəbərlər Ermənistan rəsmilərinin açıqlamalarında, media məlumatlarında xüsusi yer alır. Əlbəttə, bunların hamısı qarayaxmadır. Azərbaycan ordusu Qarabağda bütün hərbi əməliyyatları təkbaşına aparır. 2 milyon əhalisi olan Ermənistana qarşı Azərbaycanın 10 minlərlə ehtiyatda olan hərbi qulluqçularının orduya çağrıldığını, insan ehtiyatlarına ehtiyacımızın olmadığını söyləyən İlham Əliyev bildirib ki, Azərbaycan özünü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qadirdir ki, o, bir daha Azərbaycan tərəfə baxmağa cəsarət etməsin.
Bu gün Azərbaycan növbəti dəfə Ermənistan silahlı birləşmələrinin hücumuna cavab olaraq öz haqq savaşına, ərazi bütövlüyünün təmin olunmasına dair ciddi qərar verib. Ölkə başçısının “Biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik” fikri hər bir Azərbaycan vətəndaşında böyük qürur hissi doğurur. İnanırıq ki, rəşadətli Azərbaycan ordusu Ali Baş Komandanın əmri ilə tezliklə bayrağımızı Şuşada, Xanləndində, işğal edilmiş bütün torpaqlarımızda dalğalandıracaq. Azərbaycan əsgərinin zəfər yürüşünün xoş xəbərini bütün Azərbaycan gözləyir.

Zaqatala qəzütinin baş redaktoru:                    İbrahim İbrahimov

Keçidlər