Şriftin ölçüsü :

Saytın rəngi :

Güclü dövlətin təməl prinsiplərindən biri qüdrətli ordunun mövcudluğudur.

03 avqust 2020 | 16:00

Güclü dövlətin təməl prinsiplərindən biri qüdrətli ordunun mövcudluğudur. Hər bir xalqı dünyada tanıdan, aparıcı söz sahibinə çevirən amillərdən biri də onun silahlı qüvvələridir.
Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alması təsadüfi xarakter daşımır. Bunu təmin edən amil xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu nizami və güclü ordu quruculuğu siyasətidir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında 1994-cü ildən ordu quruculuğu sahəsində keyfiyyətcə yeni mərhələ başlanmış, ordunun elmi əsasda qurulması, peşəkar kadr potensialının hazırlanması, nizam-intizamın gücləndirilməsi, maddi-texniki təchizatın yüksəldilməsi baxımından bir sıra vacib tədbirlər həyata keçirilmişdir. Heydər Əliyevin ordu quruculuğu ilə bağlı siyasi dəsti-xətti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Silahlı Qüvvələrimizin hərbi-texniki təchizat səviyyəsi, nizam-intizamı və döyüş ruhu kifayət qədər yüksəkdir. Bu gün Silahlı Qüvvələrimiz dünya reytinqində 50-ci pillədə qərarlaşır. Eyni zamanda dünya hərb sənayesinin ən son yenilikləri olan silah-sursat Azərbaycan Ordusunun arsenalında yer alır.
Cənab İlham Əliyev sistemli şəkildə təmas xəttində, səngərlərdə olur, əsgərlərlə görüşür, onları təltif edir, durumları ilə maraqlanır. Bunlar həm orduda böyük ruh yüksəkliyi doğurur, həm də onun daxilində olan məsələləri öyrənib problemlərin dərhal həll olunmasına şərait yaradır. Bütövlükdə ordu - rəhbər birliyi, ordu - xalq vəhdəti özünün yüksək səviyyədə həllini tapır.
Ən mühüm məqamlardan biri bundan ibarətdir ki, bu gün Azərbaycan Silahlı Qüvvələrində sağlam mənəvi-psixoloji durum, ruh yüksəkliyi, özünəinam, güclü vətənpərvərlik hissləri hökm sürür Bu, olduqca vacib amildir. Çünki ordu cəmiyyətdə daxili özünə inamı, dövlətə etimadı gücləndirən əsas faktorlardan biridir. Azərbaycan Ordusu döyüş meydanında dəfələrlə öz gücünü göstərməklə bu inamın əbəs yerə olmadığını sübuta yetirmişdir.
2016-cı ilin aprel döyüşlərində erməni təxribatının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun keçirdiyi uğurlu hərbi əməliyyatlar dövlətimizin və ordumuzun gücünü, xalqın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi. Aprel döyüşləri zamanı Lələtəpə kimi yüksəklik alındı. Nəticədə 1994-cü ildə düşməndən azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu. 4 gün ərzində 300-dən çox erməni əsgəri məhv edildi, 500-dən çoxu ağır yaralandı, 30 tank, 15-dən çox artilleriya qurğusu və mühəndis istehkam qurğuları məhv edildi.
Naxçıvanda Günnüt kəndinin işğaldan azad olunması Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin aprel qələbəsindən sonra növbəti zəfəri oldu. Günnüt əməliyyatı zamanı Dərinlikdəki əlverişli yüksəkliklər düşməndən geri alındı. Bu, ordumuza Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyətli Yerevan-Yexeqnddzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etmək imkanı verdi. Ümumilikdə, bu əməliyyat zamanı 11 min hektar ərazi düşməndən azad edildi və o torpaqlarda Azərbaycanın üçrəngli bayrağı ucaldıldı.
Xalqımızın igid oğulları bu gün də bütün cəbhə boyu mənfur düşmənlə üz-üzə durub və qəhrəmancasına mübarizə aparır. Vətən oğullarının Azərbaycan dövlətinin əbədi yaşaması uğrunda, gələcək nəsillər uğrunda gözlərini belə qırpmadan şəhidlik mərtəbəsinə yüksəlirlər. Bunun ən son nümunəsini 12 iyulda Azərbaycan – Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın atəşkəs müqaviləsini pozaraq hücuma keçməsi zamanı gördük. İşğalçı Ermənistan silahlı bölmələrinin hücumlarının qarşısı mərd oğullarımız tərəfindən sərt şəkildə alındı. Düşmənə qarşı tətbiq olunan dəqiq və dağıdıcı gücə malik silahlar, həmçinin əsgər və zabitlərimizin qəhrəmanlığı onu itki verərək geri çəkilməyə məcbur etdi. Aprel döyüşlərində və 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatında olduğu kimi 12 iyul əməliyyatında da Azərbaycan Ordusu bir daha öz üstünlüyünü, Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərdi.
14 iyulda Bakıda Silahlı Qüvvələrə və Ali Baş Komandana çoxminlik dəstək yürüşü həyata keçirərək xalq ordusunun və Ali Baş Komandanının yanında olduğunu, onu dəstəklədiyini ən yüksək səviyyədə nümayiş etdirdi. Bu aksiya bir daha təsdiqlədi ki, ordu xalqın bir hissəsidir. Xalqla ordunun birliyi dövlətin qüdrətini daha da artırır. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 55 mindən çox vətəndaş könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçiblər və müraciətlər bu gün də davam edir. Qadın Sahibkarlığı Assosiasiyasının sıralarında birləşən yüzlərlə sahibkar xanım da Prezidentin çağırışına dəstək verərək orduda xidmət göstərməyə hazır olduqların bildirmişlər.
Ölkə ərazisində fəaliyyət göstərən siyasi partiyalar da bu prosesdən geri qalmamış, iqtidar partiyası ilə olan fikir ayrılığını, məsələlərə müxtəlif yanaşma tərzini bir yana qoyaraq, həmrəylik nümayiş etdirmiş və Ali Baş Komandanın yanında olduqlarını bəyan etmişlər.
Erməni silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətində baş verən işğalcı təxribata qardaş Türkiyə Cümhuriyyəti və onun Prezidenti Rəcəb Tayyib Ərdoğan münasibət bildirərək qədim dostluq ve qardaslıq münasibətlərinin olduğu Azərbaycanın haqqına, hüququna ve torpaqlarına yönələn hər cür hücumun qarşısında yer almaqda tərəddüd etmədiyini bəyan ettti. Türkiyənin Xarici İşlər Naziri, Müdafiə Naziri, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu, Dünya Türk Birliyi təşkilatı və dünyanın müxtəif ölkələrində yaşayan soydaşlarımız erməni işğalını lənətləmiş, birmənalı mövqe bildirərək Azərbaycanı dəstəkləmişlər.
Azərbaycanının ərazı bütövlüyü uğrunda vuruşanlar, canını fəda edənlər heç vaxt unudulmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşılır. İyulun 15-də Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, onlara Allahdan rəhmət və səbir diləyib. Onların ailəsinə mənzillərin verilməsi də bu diqqət və qayğının daha bir bariz nümunəsidir. Bununla yanaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hər zaman olduğu kimi bu dəfə də öz humanistliyini bütün dünyaya nümayiş etdirərək şəhid olmuş 12 hərbçi ilə bağlı dərhal Heydər Əliyev Fonduna tapşırıq vermişdir. Artıq həmin şəhidlərin ailə üzvlərini ilə narahat edən problemlərin həlli istiqamətində bütün tədbirlər həyata keçirilir.
Dövlətimizin başçısı Azərbaycan bayrağının torpaqlarımızın hər qarışında dalğalanması üçün lazım gələn bütün addımları atır, ölkəmizin iqtisadi və hərbi qüdrətini, beynəlxalq nüfuzunu gücləndirməkdən ötrü böyük inam və qətiyyətlə çalışır, yurdumuzun işğaldan tam azad edilməsi üçün böyük cəsarət və əzm göstərir. Azərbaycan vətəndaşları öz dövlətinə və Prezidentinə inanır, ona güvənir, Azərbaycan dövlətinin və prezidentinin dəstəyini, gücünü hiss edir və bundan qürur duyur. Bu gün maddi-texniki bazası ardıcıl olaraq möhkəmləndirilən Azərbaycan ordusu işğal altında olan doğma torpaqlarımızın düşmən əsarətindən azad olunacağı günü daha da yaxınlaşdırır.

RİHBA-nın Hüquq şöbəsinin müdiri
Eldar Mustafayev

Keçidlər