Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan artıq beynəlxalq arenalarda qlobal əhəmiyyətli problemlərin həllinə töhfə verməyə qadir dövlət kimi qəbul olunur və ona etimad göstərilir.

14 iyul 2020 | 16:00

Beynəlxalq aləmdə sülh, təhlükəsizlik və əməkdaşlığa, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verən Azərbaycan COVİD-19 pandemiyasının bütün dünyada tüğyan etdiyi andan etibarən koronavirus pandemiyası ilə mübarizədə qlobal həmrəyliyin yaradılması missiyasını öz üzərinə götürərək   zəruri təşəbbüslər irəli sürmüş və əməli addımlar atmışdır. Hələ CovId-19-un yayılmağa başladığı ilk dövrlərdə Prezident İlham Əliyev pandemiyaya qarşı mübarizənin beynəlxalq təşkilatlar səviyyəsində aparılmasının vacibliyini nəzərə almış və onun təşəbbüsü ilə 2020-ci il aprelin 10-da Türk Şurasının videokonfrans formatında fövqəladə Zirvə görüşü keçirilmiş,  dünyada ilk dəfə olaraq beynəlxalq təşkilat çərçivəsində bəşəriyyəti narahat edən CovId-19-un  insanların sağlamlığına və ölkələrin sosial-iqtisadi təhlükəsizliyinə yaratdığı təhdidlər müzakirə edilmişdir. Mayın 4-də isə Qoşulmama Hərəkatının sədri kimi cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunan “COVID-19-a qarşı birlikdəyik” mövzusunda zirvə görüşü keçirilmişdir. Azərbaycan Prezidenti pandemiya ilə mübarizədə  öz təşəbbüslərini davam etdirərək  zirvə görüşündə çıxışı zamanı BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etmişdir.  Prezident İlham Əliyevin irəli sürdüyü bu təşəbbüs  dünyanın, beynəlxalq ictimaiyyətin müzakirələrə, dialoqa və məsləhətləşməyə çox ehtiyacı olduğu bir zamanda irəli sürüldü,  digər təşəbbüsləri kimi bu ideya da dünya dövlətlərinin əksəriyyəti tərəfindən dəstəkləndi. Bu ölkələr arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş, kiçik ada ölkələrinə qədər fərqli nüfuza malik dövlətlər yer alıb. Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya da həmin ölkələr sırasındadır. Rusiya tərəfi Prezident İlham Əliyevin təşəbbüsünü yüksək qiymətləndirərək xüsusi sessiyanın təşkili istiqamətində əməkdaşlığa hazır olduğunu bildirib. Rusiyanın BMT yanında Daimi Nümayəndəsi Vasili Nebenza və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova öz müsahibələrində bu barədə məlumat verərərək Azərbaycan Prezidentinin təşəbbüsünü yüksək qiymətləndirmiş  və Xüsusi sessiyanın təşkili yönündə əməkdaşlığa hazır olduğunu bildirmişlər. Bu həm iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasının, həm də Prezident İlham Əliyevin təşəbbüsünün pandemiya ilə mübarizədə böyük əhəmiyyət daşıdığının göstəricisidir.
Təbii ki, dünyanın 130 ölkəsinin Azərbaycanın bu təklifinə dəstəyi mövzunun aktuallığı ilə yanaşı  Azərbaycana bəslənən ehtiramın  və  sayğının  ifadəsidir. Çünki Azərbaycan artıq beynəlxalq arenalarda qlobal əhəmiyyətli problemlərin həllinə töhfə verməyə qadir dövlət kimi qəbul olunur  və  ona  etimad  göstərilir.
Bu gün Koronavirus dünyanın hər yerində yayılıb, bütün ölkələrin iqtisadiyyatına mənfi təsir göstərib və yayılmaqda davam edir. Bəzi ölkələrdə  çox ağır vəziyyət yaranıb. Payızda pandemiyanın ikinci dalğasının olacağı gözlənilir. Ona görə də yoluxucu xəstəliyin qarşısının alınması və yaranmış vəziyyətdən çıxış yolunun tapılması üçün qlobal xarakterli birgə tədbirlərin görülməsinə, məsələnin BMT himayəsi altında dövlət və hökumət başçıları səviyyəsində müzakirəsinə böyük ehtiyac var. BMT bütün dünya dövlətlərinin təmsil olunduğu ən böyük beynəlxalq platforma olduğundan dünyada mövcud çoxsaylı problemlərin müzakirəsi və həlli ilə də  bu  təşkilat məşğul olmalı, BMT bu miqyaslı qlobal problemin həllindən kənarda qalmamalıdır.
BMT-nin tarixində Azərbaycanın təklifi ilə baş tutan Xüsusi sessiya, dövlət və hökumət başçıları səviyyəsində və məhz videokonfrans formatında keçiriləcək bir ilkdir. Pandemiyanın yaratdığı maneələrə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev beynəlxalq aləmdə rəqəmsal diplomatiyanın təşəbbüskarı olmuşdur. Yalnız onu deyək ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq platforma olan QH-nin, eləcə də, Türk Şurasının pandemiya ilə effektiv mübarizəyə həsr olunmuş virtual Zirvə müzakirələri, bu müzakirələrdən irəli gələn addımlar məhz rəqəmsal diplomatiyada örnək sayıla bilər.
Azərbaycan videokonfrans vasitəsilə Xüsusi Sessiyanın təşkil olunması ilə bağlı formatın və modallıqların müəyyənləşdirilməsi, Xüsusi Sessiyanın sonunda mümkün qətnamənin qəbul edilməsi üçün bütün üzv ölkələrlə əməkdaşlığa  və Azərbaycan BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil edilməsi üçün BMT-yə texniki sahədə dəstək verməyə hazırdır.
Əminik ki, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi CovId-19-la mübarizədə beynəlxalq həmrəylik yaradaraq, pandemiyaya qarşı sistemli və mütəşəkkil tədbirlərin görülməsinə əhəmiyyətli təsir göstərəcək, eyni zamanda qəbul ediləcək qərarlar  qlobal böhrandan tez və asan çıxmağa kömək edəcəkdir.

   Azərbaycan  İqtisad  Universitetinin
   Zaqatala    filialının    direktoru                           Orucəli   Rzayev

Keçidlər