Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan sülhə xəyanət edir, çəbhə bölgəsində vəziyyətin gərginləşməsi sülh danışıqlarının dinamikasını pozur.

14 iyul 2020 | 16:00

Məlum olduğu kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirməyə, artilleriya atəşindən istifadə edərək hücum etməyə cəhd göstərib. Azərbaycan ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Ermənistan silahlı qüvvələrinin  növbəti təxribat xarakterli cəhdi Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq və işğalçılıq siyasətini davam etdirmək və genişləndirmək niyyətində olduğunu bir daha nümayiş etdirir.
Əslində, düşmənin belə təxribat xarakterli hücumları yenilik deyil və gözləniləndir. Çünki son bir neçə ildə iqtisadi inkişaf göstəricilərinə görə dünyada lider mövqeyə çıxan Azərbaycan bir çox sahələrdə əldə etdiyi uğurlarla seçilən dövlətlər cərgəsində mövqelərini daha da möhkəmləndirməkdədir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən ölkə Prezidenti,  Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edir. İstər iqtisadi göstəricilərinə görə, istərsə də diplomatik uğurlarına görə Ermənistanı dəfələrlə üstələyən  Azərbaycan pandemiya şəraitinin mövcudluğuna baxmayaraq, son vaxtlar beynəlxalq mövqelərini də daha da gücləndirməkdədir. Ölkəmizin sədrlik etdiyi Qoşulma Hərəkatının Zirvə toplantısının uğurla nəticələnməsi, ardınca Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edən hadisələrdir. Azərbaycan qeyd olunan beynəlxalq müstəvilərdə Azərbaycanın bir nömrəli problemini - Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri  böyük ustalıqla gündəmə gətirməkdədir.
Digər tərəfdən də Prezident İlham Əliyevin Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. Ona görə də çıxış yolu kimi Ermənistan hərbi bölmələri Azərbaycan-Ermənistan sərhədində növbəti dəfə təxribata əl atırlar. Bununla Ermənistan hakimiyyəti həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq  fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür.
Çünki  bu gün işğalçı Ermənistanda  əhalinin hakimiyyətə etimadı itib. Ermənistanın daxilində ictimai-siyasi vəziyyət son dərəcə kəskinləşərək artıq böhran həddinə çatıb. Müxalifətin getdikcə daha çox nüfuz qazanması, vətəndaşlar arasında çaxnaşmaların geniş vüsət alması sözsüz ki, Paşinyan rejimini radikal addımlar atmağa vadar edir. Artıq Paşinyanın hakimiyyətinin süqutu prosesi geridönməz xarakter alır.
Məlumdur ki, koronavirus pandemiyası başlayandan dünyadakı bir çox hərbi münaqişələr dondurulub. Belə bir zamanda Ermənistan BMT Baş Katibinin pandemiyaya görə münaqişələri dayandırmaq çağırışını qulaqardına vurmaqla yanaşı, bütün humanizm prinsiplərini tapdalayaraq pandemiya dövründə belə təcavüzkar niyyətindən əl çəkmir. Ermənistan onsuz da iqtisadi və siyasi baxımdan ağır vəziyyətdə idi, pandemiya dövründə müharibəyə başlayacağını nümayiş etdirməklə isə diplomatik durumunu daha da ağırlaşdırmış oldu. Faktiki olaraq Ermənistan sülhə xəyanət edir,  çəbhə bölgəsində vəziyyətin gərginləşməsi sülh danışıqlarının dinamikasını pozur.
Aydındır ki, bu hadisə Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılanıb. Çünki Azərbaycanda vətənpərvərlik hissi yüksək səviyyədədir və xalqımız  işğalçıları torpaqlarımızdan qovub çıxarmaq əzmində və gücündədir.  Hətta sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar da səslənib. Düzdür  bu reaksiya Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin son dərəcə yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirsə də heç kəs unutmamalıdır ki, düşünülməmiş addımlar  yalnız düşmənlərimizi sevindirə,  ölkəmiz və ordumuz barədə müxtəlif uydurmalar yaratmağa yol aça bilər. Təmkinli, səbrli olmalı, təxribatlara uymamalı,  belə həssas və ağır zamanda ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməliyik. Çünki, bu  gün  Azərbaycan güclü orduya malikdir. Regionun ən güclü ordusuna malik ölkə kimi də xarakterizə olunan Azərbaycan Silahlı Qüvvələrini gündən-günə daha da modernləşdirməkdə, onu istər şəxsi heyət, istərsə də hərbi texnika və digər maddi resurslar baxımından yüksək səviyyədə təchiz etməkdədir. Mənəvi-psixoloji hazırlıq cəhətdən də yüksək səviyyədə olan Azərbaycan ordusu işğal edilmiş əraziləri qısa zaman ərzində tam azad etmək gücündədir.  Bu, beynəlxalq dairələrdə, o cümlədən işğalçı Ermənistanın özündə də açıq etiraf olunmaqdadır və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Odur ki, Azərbaycanı müharibənin başlanmasına tam hazır saymaq mümkündür və kəskin xarakterli bəyanatlar, təxribatlar onu əsla qorxutmur. Ermənistan hakimiyyəti isə nəhayət dərk etməlidir ki, işğalçılıq siyasətini davam etdirərək Azərbaycan hərbçilərinə qarşı törətdiyi cinayətlər cavabsız qalmayacaq və daha ağır adekvat cavab alacaqdır.


Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət
Xidmətinin Zaqatala şöbəsinin rəisi:                               Emin  Bağırov

Keçidlər