Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada intensiv tipli tut bağlarının salınması istiqamətində zəruri tədbirlər görülür

13 dekabr 2019 | 16:00

Zaqatala rayonunda baramaçılığın yem bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. İntensiv tipli yeni tut bağlarının salınması məqsədilə dekabrın əvvəlində Çindən ölkəmizə gətirilən 1 milyon ədəd tut tingindən 50 mini bölgü əsasında Zaqatala rayonuna göndərilib. Tinglər müraciət edən torpaq mülkiyyətçilərinə əvəzsiz olaraq paylanılıb. Əkin qısa müddətdə başa çatdırılıb.

 

 Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə son illər Zaqatala rayonunda intensiv tipli tut bağlarının salınması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Belə ki, 2016-2018-ci illərdə rayon ərazisində 476 min ədəd tut tingi əkilib. Bunun 283 min ədədi Çin Xalq Respublikasından ölkəmizə gətirilən calaq olunmuş tinglər, 193 min ədədi isə yerli tut tingləridir. Bundan əlavə, yaxın günlərdə rayonun kəndlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ayrılmış 31 min 130 ədəd yerli tut tinginin əkilməsinə də başlanılacaq.

Qeyd edək ki, builki mövsümdə zaqatalalı kümçülər 52 ton 945 kiloqram yaş barama istehsal ediblər. Məhsul istehsalı ötən illə müqayisədə 4 ton 841 kiloqram artıb.

Keçidlər