Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Zaqatalanın çay plantasiyalarından 25 ton yaşıl yarpağın yığılması gözlənilir

16 may 2019 | 16:00

Zaqatala rayonunun çay plantasiyalarında bir neçə gündür ki, builki mövsümün ilk məhsulunun yığımına başlanılıb. Rayonda fəaliyyət göstərən “Zaqatala-Çay” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus plantasiyalardan indiyədək 6 ton yaşıl çay yarpağı tədarük edilib.

Cəmiyyətin sədri Abdulməcid Şabanov  bildirib ki, hazırda rayonda 60 hektar çay plantasiya var. Bu il plantasiyaların yalnız 20 hektarından məhsul yığılır. Plantasiyalara qulluq və çay yığımı ilə əlaqədar 40 fermerlə müqavilə bağlanılıb. Müəssisənin çay fabrikində isə 8 nəfər işçi çalışır.

Müəssisə rəhbərinin bildirdiyinə görə, bu il havaların rütubətli keçməsi çayçılıq üçün çox əlverişlidir. Məhsuldarlıq ötən illə müqayisədə artıb. Ümumiyyətlə, builki mövsümdə cəmiyyətə məxsus plantasiyalardan 25 ton yaşıl çay yarpağının yığılması gözlənilir.

Cari ildə müəssisədə quru çay istehsalının 5 tona çatdırılması nəzərdə tutulur. İstehsal olunan məhsul satış üçün əsasən, daxili bazara çıxarılır. Quru çayın bir kiloqramının satış qiyməti keyfiyyətindən asılı olaraq, 12-32 manat arasında dəyişir.

Keçidlər