Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada Xocalı faciəsi qurbanlarının xatirəsi ehtiramla yad olunub

25 fevral 2019 | 16:00

Ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri amansız qətliam bəşəriyyətə, insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətdir. Bu faciə iki yüz ilə yaxın müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsidir.

Bu fikirlər Xocalı faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar fevralın 25-də Zaqatala şəhərində keçirilən anım tədbirində səsləndirilib.

Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri əvvəlcə soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüb, faciədə həlak olanların xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, Xocalı faciəsinin erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildirib.

Anım tədbirində çıxış edənlər erməni millətçilərinin xalqımıza qarşı zaman-zaman həyata keçirdikləri soyqırımı siyasətindən bəhs edib, Xocalı faciəsinin acı nəticələrini konkret faktlarla diqqətə çatdırıblar. Bildirilib ki, öz miqyasına və dəhşətli nəticələrinə görə heç bir tarixi hadisə ilə müqayisə olunmayan Xocalı soyqırımının törədilməsində əsas məqsəd Dağlıq Qarabağı və Azərbaycanın digər torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qırmaq idi.

Qeyd olunub ki, hazırda Xocalı qətliamı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkə rəhbərliyi, eləcə də Heydər Əliyev Fondu tərəfindən məqsədyönlü iş aparılır.

Tədbirdən sonra rayonda məskunlaşan Xocalıdan olan məcburi köçkünlərə ərzaq yardımı paylanılıb.

Keçidlər