Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Dövlət Bayrağı milli suverenliyimizin rəmzidir

10 noyabr 2018 | 16:00

Müstəqilliyinə qovuşan hər bir ölkənin, xalqın tarixində onun varlığını bildirən müqəddəs günlər vardır. Hər il noyabrda ölkəmizdə qeyd olunan Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günləri də tariximizin məhz belə şərəfli səhifələrindəndir.

Bu fikir əlamətdar tarixi günlər münasibətilə noyabrın 10-da Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən bayram tədbirində səsləndirilib.

Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin Mərkəzin qarşısındakı abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, müstəqillik illərində ölkəmizin qazandığı uğurlar barədə danışıb. Vurğulanıb ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra başımızın üstündə dalğalanan üçrəngli bayraq milli suverenliyimizin simvolu kimi, ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Bayraq hər bir xalqın həyatında əhəmiyyətli rol oynayır. Onun yüksəklərdə dalğalanması qəlbləri qürur hissi ilə doldurur. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza ehtiram göstərməyi özünün müqəddəs borcu hesab edir.

Çıxışlarda qeyd olunub ki, ilk milli Konstitusiyanın qəbulundan ötən 23 ildə Azərbaycanda insan hüquq və azadlıqları tam bərqərar olub, ölkəmizdə bəşəri və milli dəyərlər qorunub saxlanılaraq inkişaf etdirilib, demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu öz inkişafının ən yüksək dövrünə çatıb. Bu gün dinindən, dilindən və irqindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları bir qardaşlıq ailəsində, dostluq şəraitində yaşayır, respublikamızın inkişafına öz töhfələrini verirlər.

Həmçinin bildirilib ki, 1988-ci ilin noyabr hadisələri xalqımızın milli azadlıq hərəkatında mühüm mərhələ kimi qiymətləndirilir. 17 noyabrdan başlanan hadisələr xalqımızın tarixinə milli şüurun oyanışı və dirçəlişi kimi daxil olub.

Keçidlər