Qırx dörd günlük Vətən müharibəsində igidliyi ilə tarix yazan qəhrəman oğullardan biri də Zaqatala rayonunun Lahıc kəndindən olan şəhid Vüsal Məmmədovdur.
Mayın 20-də Lahıc kəndində Vətən müharibəsi şəhidi Vüsal Məmmədovun xatirəsinə inşa edilmiş abidə-bulağın açılışı olub.
Bu münasibətlə keçirilən mərasimdə rayon rəhbərliyi, şəhidin ailə üzvləri, təhsil aldığı məktəbin kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə şəhidin məzarını ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər.
Abidə-bulağın açılış mərasimində Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədov çıxış edərək, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən, şəhid Vüsal Məmmədovun şərəfli döyüş yolundan danışıb, şəhidlərin əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayıb.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Məktəblilər şəhidlərə, Vətənə həsr olunmuş şeirlər söyləyiblər.
Vüsal Məmmədov 1998-ci il martın 15-də Zaqatala rayonunun Lahıc kəndində anadan olub. O, 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2017-ci ildə hərbi xidməti başa vurub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vüsal Məmmədov Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub və Lahıc kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə Vüsal Məmmədov ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.