Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada “Şuşa İlinə” həsr olunmuş bir sıra tədbirlər keçirilib

30 aprel 2022 | 16:00

2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası məqsədilə Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) və Şəki Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Zaqatala şəhərində müxtəlif məzmunlu maarifləndirici silsilə tədbirlər təşkil edilib.

Gənc mədəniyyət işçilərinə motivasiya təlimi ilə başlayan tədbirdə uğurun sirləri və məqsədyönlü fəaliyyətin nəticələrinə dair sahə əməkdaşları ilə fikir mübadiləsi aparılıb. Uğur hekayəsini bölüşən təlimçilər əldə olunan nailiyyətlərin davamlı və məqsədyönlü fəaliyyətə bağlı olmasını iştirakçıların diqqətinə çatdırıblar.

Təlimin ardınca “Mədəniyyət sahəsində liderlik” mövzusunda debat keçirilib. Mövzu ətrafında müzakirələr şəklində keçirilmiş debatlarda gənc mədəniyyət işçiləri öz fəaliyyətində rastlaşdığı müəyyən çətinlikləri qeyd edərək onların həlli istiqamətində hər bir gənc mədəniyyət işçisinin fərdi qaydada peşəkarlıq keyfiyyətlərinə yiyələnməsinin zəruriliyini bildiriblər.

Silsilə tədbirlər çərçivəsində Zaqatala Tarix Mədəniyyət qoruğunda gənc mədəniyyət işçiləri arasında “Cıdır düzü” adlı intellektual yarışma səmimi və qeyri-rəsmi mühitdə təşkil olunub. Yarışmanın məqsədi gənc mədəniyyət işçilərinin hazırlıq səviyyəsinin artırılması, onlar arasında koordinasiyanı gücləndirmək və intellektual turnirlərdə iştirak səriştələrin formalaşdırılmasını təmin etmək, cəld və analitik düşünmə bacarığını, gənclər arasında yoldaşlıq münasibətləri və komanda ruhunun formalaşdırılıb inkişaf etdirilməsidir. Bilik yarışmasında Balakən, Qax, Oğuz, Şəki və Zaqatala rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrində çalışan gənc mədəniyyət işçilərindən ibarət 5 komanda iştirak edib, yarışmanın qalibi işə Şəki komandası olub. Qalib komandaya Mərkəz tərəfindən sertifikat və hədiyyələr təqdim edilib.

Tədbirin bədii hissəsində əsrlərdir yaşadılan multikulturalizm ənənələrinə uyğun müxtəlif xalqların rəqsləri, musiqiləri və mahnıları nümayiş olunub, yerli rəssamın rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib və yerli xalqların dilində səsləndirilən şeirlər dinlənilib. Tədbirin yekununda Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli və Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifələrini müvəqqəti icra edən Tərlan Nəsibov qalibləri təbrik edib, iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və bu tipli silsilə tədbirlərin mədəniyyət sahəsinə verə biləcəyi töhfələrinin önəmini vurğulayıblar.

Mərkəzin cari ilin birinci yarımili üzrə iş planına uyğun olaraq mədəni marşrutların müəyyən edilməsi, həmçinin Zaqatala rayonun müəyyən yerlərinə baxış keçirilməsi məqsədilə, səfər çərçivəsində Mərkəzin əməkdaşları tərəfindən rayonun müxtəlif kəndlərinə ziyarət təşkil edilib.

Keçidlər