Şriftin ölçüsü :

Saytın rəngi :

Zaqatalada şəhid Sayad Hacıyevin xatirəsi yad edilib

17 oktyabr 2021 | 16:00

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarından biri də Zaqatala rayonunun Bazar kəndindən olan Sayad Hacıyevdir. Oktyabrın 17-si şəhidin şəhadətə yüksəlməsinin bir ili tamam olur.

Sayad Hacıyevin şəhidlik zirvəsinə yüksəlməyinin bir illiyi ilə əlaqədar rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri onun məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.

Anım mərasimində 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söz açılıb, zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışılıb.

Şəhidin valideynlərinə Vətən müharibəsində göstərdiyi igidliyə görə təltif olunduğu medal təqdim edilib.

Sayad Hacıyev 2001-ci il martın 14-də Zaqatala rayonunun Bazar kəndində anadan olub. O, 2019-cu ilin iyulunda həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsi başlanana qədər Yevlax rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edib. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılan Sayad Hacıyev Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. Döyüşlərdə göstərdiyi igidliyə görə, o, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər